İslamda ağı deməyə icazə yoxdur.

Məclisi nəql edir: “İmam Musadan ölü üçün ağı etmək baradə soruşduqda o buna riza göstərmədi.” (“Biharul Ənvar” 82/105; “Cami əhadis əş şia” 3/488)

Hurr Amili bu rəvayyətin şərhində yazır ki,bu sözün mənası yəni,”qadağandır” (“Vəsailuş şia” 12/92)

Kuleyni və bir çox şiə mühəddisləri rəvayyət edir: “Ölülər üçün ağı demək və üzərindəki paltarı yırtmaq haramdır.” (“Kafi” 3/255; Kəşani “əl Vəfi” 13/88; Hurr Amili “Vəsailuş şia” 3/914; “Cami əhadis əş şia” 3/483)

Əli (r.a) dedi: “Cahiliyyə dövrünün 3 adəti vardır ki, (qadagan olunmasına baxmayaraq) Qiyamət gününə qədər qalacaqdır: Ölü üçün ağı demək, Ulduzlardan yağış gözləmək və başqalarının əcdadları haqqında pis danışmaq.” (Məclisi “Biharul Ənvar” 82/101; Nuri Təbərsi “Mustədrək əl vəsail” 1/143; “Cami əhadis əş şia” 3/488)

Rəsulullah (s.a.s) buyurdu: “Mən sizə ağı və mərsiyyə deməyi qadağan edirəm.” (Burucardi “Cami əhadisuş şia” 3/372)

Məclisi, Nuri Təbərsi, əl Burucərdi Peyğəmbər (s.a.s)-dən rəvayyət edirlər: “İki səs lənətlənibdir: “Müsibət anında ağı nidaları və mərsiyyə deyənlərin səsləri.”
(Məclisi “Biharul Ənvar” 82/101; Nuri “Mustədrək” 1/143-144; Burucərdi “Cami əhadisuş şia” 3/488)

Şeyx Səduq yazır: “Ölü üçün ağı demək cahiliyyə adətlərindəndir.” (“Mən lə yəhduruhul fəqih” 4/271-272)

Əgər biz imam Hüseyn (Allah ondan razı olsun) məktəbi adı altında yas saxlamağı, mərsiyə deməyi, rozə deməyi, meyxana deməyi, mahnı oxumağı, özümüzü döyüb qan çıxarmağı məktəb hesab ediriksə onda etiraf edək ki, islamda olmayan batil bir cərəyana qoşulmuşuq. Əgər siz şəhidliyi yalnız İmam Hüseynə aid edirsinizsə yenə səhv yoldasınız. Məgər islamda imam Hüseynə (Allah ondan razı olsun) qədər şəhidlər olmadımı? Allah Rəsulunun ilk dəvətində Allah Rəsulun özünün şəhid dediyi böyük şəxsiyyətlər olmadımı? Əmisi Həmzə şəhid olmadımı? Niyə Allah Rəsulu səlləllahu aleyhi və səlləm matəm elan etmədi, ya da demədi ki, matəm elan edin, ya digər əhli-beyt niyə bunu etmədilər. Ya da lap əvvələ peyğəmbərlərə qayıdaq. Niyə peyğəmbərlərin çoxu Allaha dəvət etdikləri üçün şəhid edildilər, amma Allah təala digər peyğəmbərlərə əmr etmədi ki, onlara yas saxlayın, onlara ağlayın və s. Ölən üçün ağlamaq olar. Amma bunu matəmə, hüznə, yasa çevirmək olmaz. İmam Hüseynin (Allah ondan razı olsun) məktəbi adı altında islamda olmayan hərəkətlərin təbliği yol verilməzdir. Əgər onun məktəbin getmək istəyiriksə onun nəsihətlərini oxumalıyıq, babasının bizə qoyub getdiyi əmanəti qorumalıyıq, onun babasına gələn vəhyin dilin öyrənib oxumalı və təbliğ etməliyik. İmam Hüseynin (Allah ondan razı olsun) məktəbi böyükdür. Onun məktəbi adı altında bədənə zərər vurmağı, başı yarmağı, şaxsey vaxsey deməyi, hər şeyi qara etməyi, etirazı, narazılığı, hakimiyyətə qarşı çıxmağı təbliğ edənlərə aldanmaq olmaz. Onun məktəbi Allaha və sonra göndərdiyi Rəsuluna təslim olmaq, iman etmək, gücün çatan qədər itaət etməkdir. Bəzi firqələr hələ onun məktəbini oxumaq istəmirlər. Kor-koranə kimlərisə təqlid edirlər. Olsun, in şə Allah elə olmayanlar da var. Hazırladı: İlahiyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov

Bir şərh yazın