Borc alıb qaytarmamaq problemi

Uca Allah zənginlərə borc verməyi əmr etdiyi kimi kasıblara da borcu vaxtında qaytarmağı əmr edir. Borcu vaxtında qaytarmamaq özü borc aldığın şəxsə zülm etməyin deməkdir. Allah təala borc verənə buyurur ki, borcunu yazsın, borcu götürənə isə borcunu vaxtında qaytarmağı əmr edir. Gəlin səbrlə bu ayəni oxuyaq: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (Bəqərə surəsi 282). Bu ayədə uca Allah çox ciddi şəkildə borc alana xəbərdarlıq edir ki, borcunu vaxtında qaytarsın və borc aldığı şəxsə zülm etməsin. Allah təala zənginə borc verdiyi adama müəyyən müddət güzəşt etməsini əmr edir, eyni zamanda borc alan şəxsə borcunu vaxtında və ədalətlə geri qaytarmasını ona bildirir. Borcu vaxtında ödəmək hər bir vicdanlı şəxsin vicdan borcudur. Borcu ödəməmək həm borc aldığın şəxsə həm də yalnız özünə zərərdir.

Bir şərh yazın